«Ya Qarabağ, ya ölüm» filminin təqdimatı
keçirilib
İyunun 10-da Beynəlxalq Mətbuat mərkəzində "Ya Qarabağ, ya ölüm" filminin təqdimat mərasimi keçirilib. Türk-müsəlman dünyasının böyük ağrı-acısından, kədərindən - Qarabağ faciəsindən, onun ürəklərdə yaşayan, mahnılara, nəğmələrə, şeirlərə, rəsmlərə çevrilən həsrətindən, dərdindən danışılan film tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Filmin nümayişindən əvvəl Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qısa məlumat verib. Bildirib ki, ağrı-acılarımızdan, faciələrimizdən, ən nəhayət, bizim özümüzdən danışan bu film Xocavənd Rayon İcra Hakimiyyətinin və yazıçı-publisist Bəxtiyar Qaracanın təşəbbüsü ilə ərsəyə gəlib.
Çıxış edənlər də bildirdilər ki, bu film acılar içində yaşayan adamlar haqqında, Qarabağı maddi sərvəti, Qarabağ atları və ən əsası işğal altında olan torpaqlarımız haqqındadır. Bu film eyni zamanda, Azərbaycanla Türkiyə arasında qardaşlıq, birlik və təəssübkeşliyin təcəssümüdür. Filmin adı da böyük türk ozanı Ozan Arifin "Ya Qarabağ, ya ölüm" şeirindən götürülüb. Azərbaycanla Türkiyə arasında dostluq əlaqələrinin gücləndirilməsindəki fəaliyyətinə görə Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilmiş Əhməd Şəfəqin də bu filmə dəvət olunması uğurlu bir hadisədir.
Filmdə professor Səyavuş Kəriminin Şuşaya səfər təəssüratları, Əhməd Şəfəqin "Qarabağ" və "Sarı gəlin"mahnıları, Ozan Arifin "Ya Qarabağ, ya ölüm" şeiri, Mənsum İbrahimov və Səadət Cavadovanın ifasında "Qarabağ şikəstəsi", Şəmistan Əlizamanlının ifasında Əsəd Kabaklının "Çabuk böyü, çabuk yetiş, tez, oğlum" və "Əsgər, ocaq əmanəti, yurd əmanəti" mahnıları, Bakıda Cıdır meydanında Qarabağ atlarını yetişdirən Atayevlər ailəsinin arzuları, istəkləri yer alıb. Burada, həmçinin şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın Qarabağla, Şuşa ilə, şəhidlərlə bağlı Vətən, yurd həsrətli şeirlərindən də istifadə olunub.
Təqdimatdan sonra iştirakçılardan Sona Vəliyeva, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Seyid Əhməd Arslan və digərləri öz müsbət təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, filmin çəkilişləri Xocavənd rayonunun "Nərgiz Təpə" ərazisində, qaçqın şəhərciyində, Bakı şəhərində, Şamaxı və İsmayıllı rayonlarında aparılıb. "O film-studiya"nın təqdim etdiyi filmin ssenari müəllifi və rejissoru Kəmalə Mirzəyeva, operatorları Elxan Rüstəmov və Manaf Əzizli, inzibatçı Vidadi Tağıyev, montaj rejissoru İsmayıl Əhmədiyyədir. Filmin layihə rəhbəri Bəxtiyar Qaraca, baş məsləhətçi Əflatun Amaşovdur.
Elgün MƏNSİMOV
Azərbaycan.-2013.- 11 iyun.- S.7.